Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitənin yaradılması haqqında MEMORANDUM
|
|
10 fevral 2006-cı il |
Azərbaycan Respublikasının avroatlantik inteqrasiya kursunu bir daha dəstəkləyərək,
Azərbaycan Respublikası ilə Avropa Birliyi üzvü olan dövlətlər arasında yaranmış və genişlənməkdə olan münasibətlərin ölkəmiz və cəmiyyətimiz üçün önəmliliyini və əhəmiyyətini qeyd edərək,
Avropa Qonşuluq Siyasətinin Azərbaycan Respublikasının Avropaya İnteqrasiya prosesində mühüm və ikitərəfli münasibətlərin inkişafı üçün keyfiyyət baxımından yeni mərhələ olduğunu vurgulayaraq,
Avropa Qonşuluq Siyasətinə Azərbaycan Respublikasının qoşulması istiqamətində Avropa Birliyinin və Hökumətin səylərini qiymətləndirərək,
Avropaya inteqrasiya proseslərində, xüsusilə Avropa Qonşuluq Siyasətinin hazırlanması, həyata keçirilməsi və monitorinqi prosesində vətəndaş cəmiyyətinin iştirakının zəruriliyinə Avropa Birliyinin, Azərbaycan hökumətinin və vətəndaş cəmiyyətinin diqqətini cəlb edərək,
Azərbaycan Respublikası Konstitusiyasının “Hakimiyyətin mənbəyi” (1-ci maddə), “Məlumat azadlığı” (50-ci maddə), “Dövlətin idarə olunmasında iştirak” (55-ci maddə) və “Birləşmək hüququ” (58-ci maddə) maddələrinə əsaslanaraq,
Biz, aşağıda imza edən Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsində birləşməyimizi bəyan edirik.
Milli Komitənin məqsədi Azərbaycan Respublikasının Avropaya inteqrasiyasına, bu inteqrasiya proseslərində vətəndaş cəmiyyətinin fəal iştirakına, Avropaya inteqrasiya ilə əlaqədar qərarların qəbul olunmasında, həyata keçirilməsində və monitorinqində vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsinə, ölkə və Avropa Birliyi vəzifəli şəxsləri ilə vətəndaş cəmiyyətinin əməkdaşlığının qurulması və həyata keçirilməsinə, Avropaya inteqrasiya prosesləri barədə ölkə ictimaiyyətinin məlumatlandırılmasına nail olmaqdır.
Bu məqsədlərə çatmaq üçün Milli Komitə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərəcəkdir:
Milli Komitənin fəaliyyət prinsipləri :
Əməkdaşlığa açıqlıq. Komitə istənilən dövlət, qeyri-hökumət qurumları, KİV-lər, beynəlxalq QHT, ictimai xadimlər, alimlər, mütəxəssislər və sairə ilə əməkdaşlıq etməyə hazırdır.
Şəffaflıq. Komitənin fəaliyyəti tam şəffaf və açıq olacaqdır.
Siyasi məqsədlərdən uzaqlıq. Komitə siyasi məqsədlər güdən heç bir fəaliyyətdə iştirak etməyəcəkdir.
Qanunilik. Komitənin fəaliyyəti Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilir.
Tolerantlıq. Komitə onun fəaliyyətinə olan müxtəlif rəylərə dözümlülük nümayiş etdirir.
Quruluş və fəaliyyətin tənzimlənməsi.
Komitənin quruluşu və fəaliyyətinin tənzimlənməsi Komitənin Əsasnaməsində öz əksini tapır və bütün Komitə üzvləri tərəfindən rəhbər tutulur.
Geri