Rasim Musabəyov: "ABŞ Dövlət katibi müavininin səfəri müharibə ehtimalı ilə bağlı deyil"
04 Fevral 2010
Politoloq
Rasim Musabəyov "Stratfor" Araşdırma Mərkəzinin və ABŞ Milli
Kəşfiyyat İdarəsinin rəhbərinin Dağlıq Qarabağda silahlı münaqişənin yenidən
alovlana biləcəyi barədə açıqlamalarını şərh edib.
Politoloq Milli.Az xəbər portalına açıqlamasında bildirib ki,
"Sratfor" Amerika kəşfiyyatına yaxın bir tədqiqat mərkəzi sayılır.
Ona görə də onların yaxın mövqedən çıxış etməsi gözləniləndir.
"O ki qaldı ABŞ Dövlət katibinin müavini Ceyms Steynberqin Cənubi Qafqaza
səfərinə, bunun hansısa müharibə ehtimalının gündəlikdə dayanması ilə bağlı
olduğunu düşünmürəm. Çünki Steynberq həm Ermənistanda, həm Gürcüstanda görüşlər
keçirəcək. Regionla bağlı müzakirə olunası çoxlu məsələlər var" - deyə
politoloq bildirib.
Xatırladaq ki, son günlər ABŞ-ın Strateji Araşdırma Mərkəzi
"Stratfor"un siyasi şərhçisi Marko Papiç və ABŞ Milli Kəşfiyyat
İdarəsinin rəhbəri Denis Bler Dağlıq Qarabağda silahlı münaqişənin yenidən
alovlana biləcəyi barədə açıqlama veriblər. Fevralın 4-5-də isə ABŞ Dövlət
katibinin müavini Ceyms Steynberq təhlükəsizlik məsələsini prezidentlər
səviyyəsində müzakirə etmək üçün Cənubi Qafqaza səfər edib.
"Bir tərəfdən biz həmişə narahatıq və böyük dövlətlərə deyirik ki,
Qarabağın işğalı ilə əbədiyyən barışacağımızı düşünməsinlər. Çalışırıq ki,
Minsk Qrupunun həmsədr ölkələrində bir narahatlıq yaransın, hərəkətə keçsinlər.
Onlar hərəkətə keçəndə isə fikirləşirik ki, görəsən, bunun arxasında nə
dayanır?" - deyə R.Musabəyov əlavə edib.
Politoloqun fikrincə, əvvəllər elə başa düşülürdü ki, Azərbaycan rəhbərliyinin
müharibə ilə bağlı sərt açıqlamaları daxili auditoriyaya hesablanan
ritorikadır: "Amma sonra ordu quruculuğundakı ciddi işləri, müəyyən sistemli
hazırlıqları görəndə, bu açıqlamaları ciddiyə almağa başladılar. Anladılar ki,
doğrudan da Azərbaycan Qarabağın işğalı ilə barışmayacaq" - politoloq
əlavə edib.
R.Musabəyovun fikrincə, həmsədr ölkələr Ermənistanı özlərinə daha yaxın hesab
edirlər, ona görə də özümüzü aldatmaq lazım deyil: "Həmsədrlər
danışıqlarda ermənilərin bütün iddialarının olmasa da, əksəriyyətinin təmin
olunmasına, bu münaqişədən onların daha qazanclı çıxmasına nail olmağa
çalışırlar. Azərbaycan da razılaşmır deyə, münaqişə bu günə qədər həllini tapa
bilmir".
Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanın son günlərdə həmsədr ölkələrin
ünvanına sərt ittihamlarını şərh edərkən politoloq bildirib ki, Ermənistanın
cılız və dilənçi bir dövlət olduğu hamıya bəllidir: "Həmsədr ölkələr bir
tərəfdən işğalçı Ermənistana maliyyə yardımı edir, silah verir. Digər tərəfdən
deyirlər ki, biz Ermənistana təzyiq edə bilmərik. Türkiyənin də, Azərbaycanın
da tələbi budur ki, böyük dövlətlər regionda daha pis nəticələrin yaranmasını
istəmirlərsə, əllərində olan bütün təzyiq imkanlarından istifadə edib
Ermənistanı öz yerində oturtmalıdırlar. Əks halda, onların arzulamadıqları ən
pis variantlar baş verə bilər və bundan hamı zərər görəcək".
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların son raundu barədə fikirlərini
bölüşən
R.Musabəyov bildirir ki, hazırda söhbət çərçivə müqaviləsindən gedir və burada
detallar yox, ümumi məsələlərin razılaşdırılması gündəmdədir: "Yəni,
Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməsi bildirilir, amma bunun nə
vaxt, necə və hansı formada olacağı göstərilmir. Bu isə məsələnin daha da
uzadılması deməkdir. Ermənilər isə qorxur ki, bu gün çərçivə müqaviləsinə imza
atsalar, sabah da onları konkret addımlar atmağa məcbur edəcəklər. Odur ki,
imzalamırlar. Belə vəziyyət böyük dövlətlərin maraqlarına cavab verir. Amma
münaqişənin həlli prosesinin uzadılması Azərbaycana sərf etmir. Bizə işğal
olunmuş torpaqlarımız lazımdır, kağız parçası yox!" - deyə Musabəyov qeyd
edib.
Milli.Az
Geri